Logo

Mixalko: Dünyanın bir çox yerində media işçilərinin peşələri onlara baha başa gəlir

AXCTV.az - 4 May 2023 10:39

Mətbuat azadlığının qorunması və təşviq edilməsi heç bir sərhəd tanımayan universal missiyadır.

Bunu Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı təbirdə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko jurnalistlərə deyib.

"KİV azadlığı, müstəqilliyi və plüralizminin qorunması demokratik sistemlərin dayanıqlığı və sağlamlığı üçün həyat əhəmiyyətli olsa da, hazırda dünyanın əksər yerlərində mətbuat azadlığı təhlükə altındadır. İctimaiyyəti keyfiyyətli müstəqil informasiya ilə təmin edən, insan hüquqlarının kobud şəkildə pozulması hallarını və vəhşilikləri işıqlandıran və hakimiyyətdə olanları məsuliyyətə cəlb edən jurnalistlər, KİV əməkdaşları, digər şəxslər getdikcə daha çox böhtan, təhdid və hücumlarla üzləşir, o cümlədən dezinformasiyanın mənfi təsirinə məruz qalırlar" - səfir bildirib.

Mixalko qeyd edib ki, hücuma məruz qalmış Ukraynadakı müxbirlərin, Belarus və Əfqanıstandakı jurnalistlərin, Yaxın Şərq və Şimali Afrikadakı müstəqil medianın, Mərkəzi Amerikadakı yerli jurnalistlərin, Filippin və Rusiyadakı Nobel mükafatı laureatlarının və dünyanın, o cümlədən Avropanın bir çox digər media işçilərinin peşələri onlara baha başa gəlir.

Səfir qadın jurnalistlərin də hüquqlarının qorunması məsələsinin vacib olduğunu vurğulayıb: "Qadın jurnalistlər təhdidlərə, həm kiberməkanda, həm də real həyatda artan hücumlara qarşı xüsusilə həssasdırlar. Onlar ictimai qınaq, cinsiyyətçi nifrət ritorikası, trollinq, cinsi və gender əsaslı zorakılıqla üzləşir və hətta qətl edilirlər. Qadın jurnalistlərin 73 faizi işlədikləri müddətdə onlayn təhdidlərə, pis rəftara və təqiblərə məruz qalıb. Biz indiki kimi bu qədər qadın jurnalistin həbsdə olduğunu görməmişdik".

O, ifadə azadlığı hüququnun mətin müdafiəçisi kimi Aİ-nin jurnalistlərə qarşı hər cür təhdidi, zorakılığı pislədiyini deyib.
“Təhlükəyə məruz qalan KİV işçilərini yerli missiyalar və xüsusi proqramlar, konkret olaraq Qarbi Balkanlarda "Jurnalistlar üçün təhlükəsizlik" platforması, Kambocada "Müstəqil mediaya və fundamental azadlıqlara dəstək" layihəsi və Əfqanıstanda "Media dayanıqlığı" proqramı vasitəsilə dəstəkləyir", - diplomat əlavə edib.

"Eyni zamanda, paralel olaraq, Aİ daxili tədbirlər həyata keçirir: ictimaiyyətin iştirakına qarşı strateji məhkəmə prosesləri (SLAPP) ilə mübarizə aparır, rəqəmsal xidmətlər və bazarları tənzimləyir, Aİ-nin "Media azadlığı haqqında qanun"un qəbul edilməsi barədə təklif irəli sürüb. Həmçinin, biz kənardan informasiya manipulyasiyasına və müdaxilələrə qarşı mübarizə aparmaq və "Aİ Dezinformasiyaya Qarşı" platforması və Avropanın Rəqəmsal Mediaya Nəzarət Sistemi kimi təşəbbüslər vasitəsilə Avropa vətəndaşlarına dezinformasiya, manipulyasiya və təbliğata qarşı dayanıqlığı artırmaqda kömək etmək üçün öz strateji potensialımızı inkişaf etdiririk. Mətbuat azadlığının qorunması və təşviq edilməsi heç bir sərhəd tanımayan universal bir missiyadır. Aİ təşəbbüs göstərərək bütün dünyada mətbuat azadlığını gücləndirmək üçün həm beynəlxalq forumlarda, həm də yerli səviyyədə hökumətlər, KİV və vətəndaş cəmiyyəti ilə əlaqə saxlamağa davam edəcək" - Mixalko vurğulayıb.

Xəbər lenti

IMG