Logo

Qüdrət Həsənquliyev: “Konstitusiya Məhkəməsinin Milli Məclisə tövsiyə etmək səlahiyyəti yoxdur”

AXCTV.az - 15 Fevral 2022 18:39


“Hörmətli Ziyafət müəllim (Ziyafət Əsgərov-red.) gərək qanunvericiliyi diqqətlə öyrənsin. Belə olduqda, əmin olacaq ki, Silahlı Qüvvələr haqqında daxili nizamnamədə də yazılıb ki, bütün əmrlər sözsüz yerinə yetirilməlidir. O cümlədən “Hərbi Qulluqçuların Statusu haqqında” qanunda da qeyd olunur ki, qanunsuz əmrlər barədə sonradan yuxarı rəhbərliyə şikayət verilə bilər. Həm də mənim təklifim “Silahlı Qüvvələr haqqında” qanunla bağlı idi, digər qanunlarla yox”.
Bunu parlamentin plenar iclasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
Millət vəkili daha sonra “Normativ hüquqi aktlar haqqında” qanuna təklif edilən dəyişikliklərlə bağlı fikirlərini bölüşüb: “Mən bu dəyişikliyə səs verəcəyəm. Amma qeyd etmək istəyirəm ki, 17 yanvar 2022-ci ildə Konstitusiya Məhkəməsi bizimlə bağlı bir qərar qəbul edib. Baş Prokurorluğun təqdimatı ilə hakimlərin toxunulmazlığına, yəni Cinayət Prosessual Məcəlləsinin 53-cü maddəsinin, Konstitusiyanın 128-ci və Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası Qanununun 100-101-ci maddələri ilə əlaqəli şəkldə şərh olunmasına dair. Orada Milli Məclisə tövsiyə olunur ki, Cinayət Prosessual Məcəlləsinin 53-cü maddəsində boşluq var və biz bu boşluğu aradan qaldıraq. Mən niyə bu məsələyə diqqət yetirmək istədim? Bu qərar layihəsi ilə tanış oldum, qanunvericiliyə də təkrar baxdım. Gördüm ki, həqiqətən də qanunvericilikdə boşluq var. Amma mən onu qeyd eləmək istəyirəm ki, Konstitusiya Məhkəməsi qanunvericiliyə, Konstitusiyanın 125-ci maddəsinə görə məhkəmə hakimiyyətinin tərkib hissəsidir. Biz də Ali Məhkəmənin timsalında məhkəmə hakimiyyətinə qanunvericilik subyekti statusu vermişik. Yəni əgər qanuvericilikdə belə bir boşluq varsa, onlar belə bir təşəbbüslə çıxış edə bilərlər. Bundan başqa Baş Prokurorluğun özünün də qanunvericilik təşəbbüsü hüququ var. Yəni o da belə bir təşəbbüslə çıxış edə bilərdi. Amma Konstitusiya Məhkəməsinin Milli Məclisə tövsiyə etmək səlahiyyəti yoxdur. Əsas diqqəti ona yönəltmək istəyirəm. Deməli, Azərbaycan Respublikasının “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunununda, 1.0.9-da qanunvericilikdəli boşluqların anlayışı verilir. Burada söhbət konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının olmamasından gedir. Mən dedim ki, əgər Konstitusiya Məhkəməsi şərh veribsə, artıq o şərh qətidir və icra olunmalıdır, yəni qanunvericiliyə də ehtyac yoxdur. Amma o halda bizim həmin normativ hüquqi aktlar haqqında Konstitusiya qanununun 15-ci maddəsində qeyd olunur ki, qanunvericilikdə boşluqları aşkar edən və bu konstitusiya qanununun 14-cü maddəsini tətbiq edən subyekt-Konstitusiya Məhkləməsi konkret ictimai münasibətlərin tənzimlənməsinin səlahiyyətlərinə aid edildiyi norma yaratma orqanına bu barədə məlumat verməlidir. Burada da norma yaradan orqan konkret bu məsələdə Milli Məclisdir. Ona görə də Konstitusiya Məhkəməsinin qərarında qeyd olunmalıdır ki, Milli Məclisə bu boşluq barədə tutaq ki, məlumat verilsin. Amma “tövsiyə edilsin” deyilə bilməz. Ona görə ki, tövsiyəni icra edə və etməyə bilərik. Amma Konstitusiya Məhkəməsi haqqında qanuna, həm də Konstitusiyaya görə, Konstitusiya Məhkəməsinin qərarları qətidir və o birmıənalı şəkildə icra olunmalıdır. İcrası məcburi olan bir məsələ tövsiyə edilməməlidir. Hesab edirəm ki, bu tipli tövsiyə xarakterli qərar qəbul oluna bilməz”.

Əli Zülfüqaroğlu

Xəbər lenti

IMG