Sanksiyalar MDB məkanında ən çox kapitulyant ölkəyə təsir edəcək; ekspertlərdən İrəvan üçün bəd proqnozlar
Rusiyanın qarşıdakı illərdə ağır sanksiyalar altında olacağı artıq şübhə doğurmur. Onun iqtisadi maliyyə göstəriciləri getdikcə daha da pisləşəcək. Bəllidir ki, Ermənistan iqtisadi cəhətdən tamamən Rusiyadan asılıdır. Bu və digər səbəblərdən forpost Ermənistana maliyyə-iqtisadi dəstəyin zəifləməsi gözləniləndirmi?
O da məlumdur ki, Rusiya indiyədək Ermənistana əsasən havayı, ya da güzəştli kreditlərlə silahlar verib. Bu xüsusda da problemlər olacağı nə qədər realdır?
Siyasi şərhçi Elçin Mirzəbəyli bu istiqamətdə yaxın 10 ildə heç bir perspektiv görmür: “Rusiyaya qarşı tətbiq edilən və bundan sonra da ediləcək sanksiyalar MDB məkanında ən çox Ermənistana təsir göstərəcək. Çünki bu ölkənin enerji şəbəkələrindən başlamış dəmir yollarınadək nə varsa Rusiya şirkətlərinin mülkiyyətində və idarəetməsindədir. Bu sıraya bank-kredit təşkilatlarını və digər bu kimi təsisatları da əlavə etsək, mənzərə tam aydın olacaq. Mövcud reallıqlar çərçivəsində Rusiyaya tətbiq edilən sanksiyalar istisnasız olaraq bütün Ermənistanı əhatə edəcək. Sanksiyalar nəticəsində ən böyük zərbə Rusiyanın hərbi-sənaye kompleksinə dəyəcək və bu da dolayısıyla Ermənistanın müdafiə imkanlarını daha da zəiflədəcək. İkinci Qarabağ müharibəsindən sonra rus silahının nüfuzuna dəyən zərbə Ukraynadakı hərbi əməliyyatlar zamanı daha da gücləndi və çox güman ki, Moskvanın zorla sırıdığı ölkələr istisna olmaqla rus silahını kimsə almayacaq. Bu baxımdan ”Ermənistan ordusunun modernləşməsi" ideyasının yaxın 10 il ərzində gerçəkləşə biləcəyi inandırıcı görünmür. Ermənistana güzəştlə və kreditlə verilən silahlar da Paşinyanın dediyi kimi, “10% partlayır”. Rusiyanın indi öz ordusunu və hərbi-sənaye kompleksini modernləşdirməyə ehtiyacı var. Əgər Moskva öz silahlarının artıq heç bir işə yaramadığı reallığını anlayacaqsa, çox güman ki, ilk növbədə öz ordusunun qayğısına qalmalıdır".

Elçin Mirzəbəyli
İqtisadçı ekspert Natiq Cəfərli Rusiyaya qarşı sanksiyalardan həm də Ermənistanın böyük zərər çəkəcəyini düşünür: “Ermənistan iqtisadiyyatının təxminən 70%-i Rusiyadan asılıdır. Tək söhbət şirkətlərdən, yaxud Rusiyanın Ermənistan ərazisindəki biznes qurumlarının fəaliyyətindən getmir. Həm də burada söhbət dövlət şirkətlərindən gedir. Ermənistanın dəmir yolları, Atom Elektrik Stansiyası, elektrik xətləri, qaz paylayıcı şirkəti və bir çox dövlət şirkətləri Rusiyanın birbaşa nəzarəti altındadır. İdarəetmə yəni rus şirkətlərinə aiddir. Ona görə də sanksiyalardan ən çox zərər çəkən ölkələrdən biri, təbii ki, Ermənistan olacaq. Bu, Ermənistanın iqtisadi vəziyyətinə mənfi istiqamətdə təsir edəcək. Söhbət burada dövlətlərarası münasibətlərdən getmir. Ermənistanın iqtisadiyyatında Rusiyadan göstərilən vəsait önəmli rol oynayır. Söhbət bir milyard dollardan çox vəsaitdən gedir. Bu vəsaitin Ermənistana daxil olmaması ölkədə sosial vəziyyətin daha da ağırlaşmasına səbəb olan amillərdən biri ola bilər. Silahlanma məsələsinə gəlincə, təbii ki, Rusiyanın indiki halında necə deyərlər başının Ukraynaya qarışması səbəbindən Ermənistanın hansısa silahlarla silahlandırılması məsələsi arxa plana atıla bilər”.
Niyaməddin Orduxanlı
Politoloq Niyaməddin Orduxanlı düşmən ölkənin ordu qurmaq imkanlarını sıfır sayır: “Ermənistanın yeni ordu qurmaq imkanları həddindən artıq aşağıdır. Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu darmadağın edib. On minlərlə əsgərini məhv edib. Milyardlarla dollarla ölçülən hərbi texnikasını sıradan çıxardıb. Nə ilə ordu quracaqlar? Ermənistan əhalisi təxminən 2 milyondur. Bunun da bir hissəsi xaricdə yaşayır. Adi əsgər tapa bilmirdilər ki, müharibəyə cəlb etsinlər. Qoca, yaşlı adamları müharibəyə cəlb ediblər. Digər tərəfdən Ermənistan iqtisadi cəhətdən tamamən Rusiyadan asılı ölkədir. Ermənistan ordusunun təchizatının böyük hissəsini Rusiya verirdi. Rusiyanı yaxın gələcəkdə ağır iqtisadi böhran gözləyir. Sanksiyaların təsirində olan Rusiya Ermənistana əvvəlki kimi dəstək verə bilməyəcək. Belə vəziyyətdə təbii ki, Ermənistanın da maliyyə-iqtisadi imkanlarına böyük ziyan vurulacaq. Həm də Ermənistan unutmamalıdır ki, Azərbaycanın çox güclü ordusu ilə yanaşı, çox güclü iqtisadiyyatı da var. Növbəti səhv addım Ermənistana daha ağır nəticələr gətirər”.

Məhəmməd Əsədullazadə
Siyasi ekspert Məhəmməd Əsədullazadə: “Ermənistan İkinci Qarabağ müharibəsindən sonra öz ordusunu Rusiyanın verəcəyi silah kreditləri vasitəsilə yenidən qurmağa çalışırdı. Hətta müraciətlər də olmuşdu. Amma Rusiya tərəfi məhz maliyyə məsələlərinə görə bu işi gecikdirirdi. Ukrayna müharibəsi fonunda Rusiyaya sanksiyaların tətbiq edilməsi, silah arsenalını bu müharibədə getdikcə itirməsi artıq Rusiyanın silah bazarından çıxmasına səbəb oldu və digər ölkələri, xüsusilə Ermənistanın silahlandırılmasının qarşısı alındı. Ermənistan rəhbərliyi Rusiya hərbi texnikalarına ümid edirdi. Artıq belə bir ümid də ortadan qalxdı. Ermənistanın maliyyə imkanları da digər ölkələrdən yeni silahlar almasına yetərli deyil. Həmçinin Azərbaycanın təzyiqləri ilə həmin ölkə üzləşə bilər. Ermənistanın çıxış yolu Azərbaycan və Türkiyə ilə sülh müqaviləsi bağlayıb, ərazi iddialarından geri çəkilməkdir. Bu ölkənin güvəndiyi Rusiyanın texnikası və maliyyə imkanları Ukraynada əriyir və bundan sonra Rusiyanın özünə gəlməsinə onilliklər var. Ona görə də deyə bilərik ki, artıq Ermənistan ordusu sadəcə sözdə qalacaq. 30 il ərzində Rusiyanın hesabına formalaşmış ordusunun arsenalını Azərbaycan ordusu məhv etdi. Bundan sonra heç bir dəstəyi olmayan bir ölkə yalnız sülhə gəlməlidir. Ona görə də Nikol Paşinyan otən gün Ermənistanın Azərbaycanla sülh müqaviləsinin bağlanmasına hazır olduqlarını açıqladı. Bu çarəsizliyin və artıq heç bir alternativin olmamasından irəli gəlir”.