Azərbaycanın öz əraziləri üzərində suveren hüquqlarının tam bərpa edilməsi, sərhədlərinin təhlükəziliyinin təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlər beynəlxalq hüquqla müdafiə olunur
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələrlə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:
“Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın ölkəmizin Laçın, Kəlbəcər və Daşkəsən rayonları istiqamətindən genişmiqyaslı hərbi təxribat törətmək cəhdlərinin qarşısının alınması üçün həyata keçirdiyi tədbirləri dəstəkləyir və Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərinin toxunulmazlığına qarşı yönələn bütün təxribat xarakterli addımlarının qarşısının ən sərt tədbirlərlə alınmasının zəruri olduğunu bəyan edir.
BAXCP ölkəmizə qarşı həyata keçirilən təxribatların qarşısının alınması, Ermənistanın revanşçı davranışlarının cilovlanması və təcavüzkara layiqli cavabın verilməsi zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, mülki və hərbi vətəndaşlarımızın təhlükəsizliyin təmin olunması naminə həyatlarını qurban verən əziz şəhidlərimizə Allahdan rəhmət diləyir, onların ailə üzvlərinə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası hesab edir ki, Ermənistanın son təxribatı törətməkdə də məqsədi münaqişənin bitmədiyini sübut etməkdən ibarət olub: “Ermənistanın davranışları bir daha təsdiqləyir ki, mənfur, xain qonşularımız Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmirlər və bölgədə sülhün təmin olunmasında, ölkəmizlə sülh müqaviləsinin imzalanmasında maraqlı deyillər. Ermənistanın indiki hərbi-siyasi rəhbərliyi də bu ölkəyə keçmişdə başçılıq edən müharibə cinayətkarları kimi xəstə “Böyük Ermənistan” ideyasının daşıyıcılarıdır. Rəsmi İrəvan Rusiya ilə Qərb arasında manipulyasiya etsə də, reallıqda regionda bölgədənkənar dövlətlərin maraqlarının ifadəçisi kimi çıxış edir və nəyin bahasına olursa-olsun Zəngəzur dəhlizinin açılmasını əngəlləməyə çalışır. Qarşıdurma və münaqişə vəziyyəti və uğursuz Minsk Qrupunu dirçəltmək üçün bəhanə yaratmağa edilən cəhdlər də rəsmi İrəvanın və erməniliyin qondarma “Böyük Ermənistan” xülyalarından qaynaqlanır”.
BAXCP hesab edir ki, ABŞ və Fransa 44 günlük müharibədən öncəki dövrlərdə olduğu kimi yenə də Ermənistanın müttəfiqləri rolunda çıxış edir, Cənubi Qafqazda onların geosiyasi aləti funksiyasını yerinə yetirən bu mutant dövləti hərbi təcavüzkar, sülhə və təhlükəsizliyə təhdid yaradan təhlükə kimi qoruyub saxlamaq, gücləndirmək istəyir: “Fransanın BMT Təhlükəsizlik Şurasının iclasının cağırılmasına cəhd göstərməsi, ABŞ-ın heç bir əsas olmadan Azərbaycanı son hadisələrin səbəbkarı kimi nişan verməsi də sözügedən ölkələrin hədəflərinin sülh yox, qarşıdurma olduğunu nümayiş etdirir”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası bəyan edir ki, Azərbaycanın öz əraziləri üzərində suveren hüquqlarının tam bərpa edilməsi, sərhədlərinin təhlükəziliyinin təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlər beynəlxalq hüquqla müdafiə olunur və BAXCP bu amili nəzərə alaraq, sivil dünya birliyini və beynəlxalq təşkilatları Azərbaycanın yanında olmağa çağırır.