Logo

Qüdrət Həsənquliyev qanun layihələri ilə bağlı təkliflərlə çıxış edib

AXCTV.az - 7 Noyabr 15:41

“Hörmtəli sədr, söz verdiyiniz üçün təşəkkür edirəm!
Hörmətli Ziyafət müəllim, qonaqlar və media nümayəndələri !

Ziyafət müəllim siz və digər çıxış edənlər qeyd etdilər ki, büdcə gəlirlərində qeyri-neft sektorunun payı artır. Əlbəttə, bu, çox müsbət haldır. Amma daha yaxşı olardı, aydınlıq yaransın ki, bu artım nəyin hesabınadır? Yəni o artımın neçə faizi vergilərin artırılması, neçə faizi cərimələr (son illərdə biz həm cərimələrin məbləğini artırırıq, həm də cərimə olunanların sayı artır), neçə faizi dövlət orqanlarının göstərdiyi pullu xidmət hesabınadır, neçə faizi isə yeni yaradılan istehsal və emal müəssisələrinin payına düşür? Bu zaman, əlbəttə, iqtisadiyyatımızın real vəziyyət haqqında bizdə tam aydın təsəvvürlər olacaq”.

Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin bu gün keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş) ilə bağlı aparılan müzakirələr zamanı deyib.
Millət vəkili bildirib: “Mən vaxtilə bu auditoriyada çıxış edəndə qeyd etmişdim ki, hazırki tarixi şəraitdə Azərbaycan Respublikası Prezidentini qorumaq Azərbaycan dövlətini qorumaqdır. O, başladığı işləri başa çatdırmalı, başqa tarixi missiyaları yerinə yetirməlidir. Bunun üçün biz gərək ölkəmizdə vətəndaş məmnunluğuna nail olaq. Yəni narazı insanların sayı az olsun , siyasi və dini ekstremizmin yayılması üçün əlverişli mühit olmasın. Bu istiqamətdə də nazirliklərin, millət vəkillərinin görəcəyi işlər var. Mən də millət vəkili kimi hesab edirəm ki, bu işə nöqsanları ört-basdır etməklə yox, bu barədə danışmaq, təkliflər verməklə töhfə verə bilərəm. Bizim Heydər Əliyev adına Ali Hərbi Məktəbə minimal keçid balı 150-200 baldır. Çox təəssüf ki, bu barədə açıqlamalar verilmir, amma məndə olan məlumatlar belədir. Bu, düz deyilsə, düzəldilər. Niyə bu, belədir? Axı, bizim müasir hərb sənəti tələb edir ki, çox yüksək riyazi və fundamental biliklərə malik şəxslər hərb sənətinə gəlsinlər. Ona görə ki, hərbçilərin təminatı yüksək səviyyədə olmayıb. Bax, 20 il qulluq edib ehtiyata gedən zabitlərin çoxu 5-6 ildir hələ də mənzillə təmin olunmayıblar. Bu il büdcədən bu istiqamətdə cəmi 35 milyon manat vəsait ayrılıb ki, onlara ev tikiləcək və 15,5 milyon da kirayə haqları üçündür. Olmazmı ki, biz onlara ipoteka krediti verək, onlar elə zabit adı alan kimi dərhal mənzil alsınlar və kim yaşayacaqsa özü yaşasın, kimsə kənarda xidmət edirsə kirayəyə versin, pul qazansın, amma ipoteka o mənzilin tam qiymətini əhatə etsin, 1-2 faizlə verilsin. Yaxud onlara pul verilsin, onlar özləri ev alsınlar. Niyə dövlət onlara ev tikməlidir? Bəlkə biri öz valideyninin yaxınlığında ev tikmək, yaşamaq istəyir. Bəlkə biri Bakıda, digəri Gəncədə yaşamaq istəyir. Bu 71 ərizə təkcə ehtiyatda olan zabitlər tərəfindən mənə göndərilib. Onlar müraciət edirlər ki, Silahlı Qüvvələrin bütün hərbi qulluqçularına mənzil verilmir, o cümlədən Daxili Qoşunların hərbçilərinə. Baxmayaraq ki, “Hərbi qulluqçuların statusu haqqında” qanunda bütün hərbçilərə mənzil verilməsi nəzərdə tutulur”. Qüdrət Həsənquliyev digər məsələlərlə bağlı da fikirlərini bölüşüb: “Məni ciddi narahat edən başqa məsələlərdən biri ondan ibarətdir ki, hazırda 8 dövlət orqanında istintaq idarəsi var. Hesab edirəm ki, vahid dövlət istintaq komitəsi yaradılmalıdır. Müdafiə və təhlükəsizlik sektorunda da idarəetmə xərclərini azaltmaq olar. Artıq 60 minlik peşəkar ordu qurmaq olar, 6 aylıq hərbi xidmətə keçmək və xidmət etmək istəməyən gənclər isə müəyyən maliyyə qarşılığında hərbi xidmətdən azad oluna bilər. Bu istiqamətdə hesab edirəm ki, ciddi islahatlar aparılmalıdır”.
Millət vəkili “toxunduğum başqa bir mühüm məsələ ondan ibarətdir ki, dövlətin və hüququn yarandığı ilk sivilizasiyalarda belə ədalət mühakiməsini həyata keçirmək üçün hakimlərin işinin nəticəsində maraqlı olmaması və tərəfsizliyi əsas şərt kimi irəli sürülür”,- deyə fikirlərini davam etdirib: “Baxın, hələ eramızdan əvvəl 1754-cü ildə Babil dövlətində kral Hammurapi ilk sistemləşdirilmiş məhkəmə və ədalət prinsiplərini müəyyən edən qanun qəbul etmişdi-Hammurapi qanunları. Hammurapi qanununun başında yazılırdı ki, qanun zəifi güclünün zülmündən qorumaq və ölkədə ədaləti bərqərar etmək üçün tətbiq edilir. Həmin qanuna görə maraqlı və tərəfli hakimlər işə buraxıla bilməzdi. Diqqət yetirin, indi biz, təqribən 4000 il sonra qanun qəbul etmişik ki, istintaq aparan müstəntiq, istintaqa nəzarət edən və məhkəmədə dövlət ittihamını müdafiə edən prokuror və ədalətli qərar qəbul etməli olan hakim təqsirləndirilən şəxsi təqsirkar bilsə, onun ödəyəcəyi cərimədən ona da çatacaq. Bununla da ədalət mühakiməsini həyata keçirməli olan şəxsləri işin nəticəsində birbaşa maraqlı etmişik ki, pul qazanıb yaxşı yaşasınlar. Baxmayaraq ki, bizim Cinayət Prosessual Məcəlləsinin 109-cu maddəsinə əsasən bu halda hakim, 113-cü maddəsinə əsasən isə müstəntiq və prokuror özünə etiraz etməlidir. Amma nə hakimlər bunu edir, nə Vəkillər Kollegiyası buna etiraz bildirdi, nə Ombudsman, nə müvafiq komitələr, nə prokuror, nə də müstəntiqlər. Hesab edirəm ki, məhkəmə hakimiyyətini gözdən salan bu hal dərhal aradan qaldırılmalıdır”.
Millət vəkili həmçinin əlavə edib: “Sonda bir məsələyə toxunmaq istəyirəm ki, biz, korrupsiya ilə mübarizə çərçivəsində qanunvericiliklə 30 min manatdan artıq vəsaitin hüququ və fiziki şəxslərin nağdlaşdırmasına icazə vermirik, yəni vergi ödəyicilərinin. Amma onların çoxu bu şirkətdən o şirkətə pul ödəməklə, müxtəlif saxta müqavilələr bağlamaqla təqribən nağdlaşdırmaq istədikləri vəsaitin 7 faizdən 14 faizə qədərini itirməklə, onu müxtəlif formada nağdlaşdırırlar və buna vergilər xidmətinin nəzarət etmək imkanı da demək olar ki, yoxdur. Ona görə də yaxşı olar ki, biz icazə verək ki, kimsə 30 mindən artıq məbləğ nağdlaşdırmaq istəyirsə, 4 faiz vergi ödəsin və o pulu da nağdalaşdırsın. Bu nəyə görə lazımdır? Bu, bizim mentalitetdən irəli gəlir. Məsələn, Avropada bir adam öz övladına 100 manatı borc verir. Amma bizdə valideyn övladına da xidmət göstərir, nəvələrinə də, nəticələrinə də, qohumuna da, dostuna da pul verir. Ona görə də mən hesab edirəm ki, biz bunu etməliyik. Və onu da etməliyik ki, vaxtilə “Cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması və terroçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanun” qəbul olunanda da mən demişdim ki, 20 mindən artıq müqavilələr imzalanarkən bankların müştəri müvafiqliyini yoxlaması əlavə qanunsuzluqlar yaradacaq. Bununla biz nəyə nail olduq? Doğrudanmı rüşvətxorluğun qarşını aldıq? O zaman mən buna etiraz etmişdim, bu əlavə olaraq notariatlar və banklar üçün əlavə gəlirlər əldə etməyə imkan yaradacaq və hesab edirəm ki, bu məsələyə də biz diqqət yetirməliyik. Əslində, bu biznes mühitinə də mənfi təsir göstərdi, həm də korrupsiyaya qarşı mübarizədə vəziyyəti yaxşılaşdırmadı, bir az da gərginləşdirdi”.

Xəbər lenti

IMG