Hökumətin bəzi məsələlərə dair ləng qərarlar qəbul etməsi də sui-istifadə hallarına yol açdı. İndi, ümid edirəm gec də olsa günahkarlar cəzalarını alacaq, Ordunun rəhbərliyinə ən ekstremal vəziyyətdə belə qanunları pozmayan, millətini sevən insanlar gətirilməli, kadr islahatları başa çatdırılmalıdır. Həmişə söyləmişəm ki, ilk növbədə, Orduya mülki nəzarəti təmin etmək üçün Müdafiə naziri mülki şəxs olmalıdır. Bütün sivil dünyada bu belədir. İkincisi, peşekar orduya keçməliyik ki, hərbçilərimiz psixoloji və fiziki baxımdan o dərəcədə hazırlıqlı şəxslər olsunlar ki, təkcə xarici düşmənə qarşı yox, eyni zamanda qanunlar pozulanda Konstitusiyanın, Cinayət Məcəlləsinin onlara verdiyi "son zərurət və zəruri müdafiə" hüququndan istifadə edib özlərinin və başqalarının şəxsi ləyaqətlərini və həyatlarını qorumağı bacarsınlar. Hətta ən ağır dövləti cinayət törətmiş ola biləcək şəxslərə münasibətdə belə. Belə hazırlığı olmayan 18 yaşlı gənclərin alçaldılması və işgəncələrə məruz qalması daha asandı. Məni və cəmiyyətimizin düşünən hissəsini ən çox üzən işgəncələrlə yanaşı, işgəncələrlə və şəxsi ləyaqətin ən pis formada alçaldılması ilə üzləşmiş zabit və çavuşların, mən əsgərləri bir kənara qoyuram, heç birinin özünü müdafiə hüququndan istifadə etməməsi, hadisələrin içində olan heç bir zabitin işgəncələrə etiraz olraq istefa verib ən azından ictimaiyyətə bu barədə açıq məlumat verməməsi olmuşdur. Ona görə düşünüləsi, nəticə çıxarılmalı olan, ailə və dövlətin uşaqların tərbiyə olunmasında görməli olduğu çoxlu işlər var.
Biz hərbçilərimizin sosial müdafiəsini gücləndirməklə, qanunçuluğu təmin etməklə, hərbçilərin karyera yüksəlişini ciddi tənzimləməklə orduya uzanan əlləri kəsə bilərik. Hesab edirəm bizim ləyaqətli və vətənpərvər zabitlər də nə baş verdiyinin fərqindədir və onlar heç vaxt siyasi dələduzların onları siyasi, antikonstitusion proseslərə cəlb etməsinə imkan verməz. Əminəm ki, dövlətin təhlükəsizliyinə cavabdeh olan orqanlar da proseslərə ciddi şəkildə nəzarət edir və bütün təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınacaq.