Keçən il Avropa Birliyi elektron cihazlarla bağlı vacib bir qərarı qəbul etmişdi. Söhbət, Avropa Birliyi ərazisində satılacaq elektron cihazların mütləq şəkildə vahid USB Type-C girişi ilə təchiz olunmalarından gedir. Bu qərara əsasən istehsalçılar 28 dekabr 2024-cü il tarixinə qədər bu tələbi yerinə yetirməlidirlər. Avropa Birliyinin bu qərarı səbəbilə Apple artıq bu il iPhone 15 smartfon seriyasında Lightning girişindən imtina edərək USB Type-C-yə keçid edə bilər. Son zamanlarda ortaya çıxmış məlumatlara əsasən Apple orijinal olmayan USB Type-C naqillərinin performanslarını məhdudlaşdıra bilər.
İndi isə məlum olub ki, Avropa Birliyi Apple şirkətini bu məsələdə xəbərdarlıq edib. Fevral ayında insayderlər bildirmişdilər ki, Apple “Made for iPhone” proqramı çərçivəsində sertifikatlaşdırmadan keçməmiş USB Type-C naqillərinin şarj sürətlərini və digər imkanlarını məhdudlaşdıra bilər. Bununla yanaşı məlumatda qeyd edilmişdi ki, şirkət özünün orijinal USB Type-C naqillərini xüsusi çip ilə təchiz edə bilər. Bu isə onların sertifikatlaşdırmadan keçdiklərinin sübutu olacaq. Şirkətinin Lightning naqillərində məhz bu üsuldan istifadə edilir. Bu xəbərlərə cavab olaraq Avropa Komissiyasının təmsilçisi olan Thierry Breton Apple şirkətinə məktub göndərib.