Çoxlu sayda olmuş məlumat sızıntılarından sonra ASUS şirkəti sonunda özünün ROG Ally adlı portativ oyun konsolunu təqdim edib. Şirkət bu cihazı ROG seriyasının Windows 11 vasitəsilə çalışan ilk portativ kompüteri adlandırır. ASUS ROG Ally Full HD keyfiyyətdə AAA kompüter oyunlarını (yüksək büdcəli oyunlar) oynamaq üçün nəzərdə tutulub. Çünki portativ oyun konsolunun texniki özəllikləri buna imkan verirlər. Sözügedən oyun konsolu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD keyfiyyətli 7 düym IPS ekran ilə təchiz olunub. Ekranın parlaqlıq səviyyəsi 500 nit təşkil edir və o, sRGB rəng diapazonunun 100%-ni əhatə edir. Bununla yanaşı ekran Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə olunub.