D-Fend Solutions şirkəti EnforceAir adlı sistem hazırlayıb ki, bu da operatora düşmən dronunu sındıraraq (hack) onun idarəsini ələ keçirməyə imkan verir. Cihaz iri marşrutlayıcıya (routerə) bənzəyir, ştativdə və ya avtomobildə quraşdırıla bilər, həmçinin bel çantasına yerləşdirilə biləcək qədər kompaktdır. Digər dron əleyhinə sistemlər kimi EnforceAir də müəyyən edilmiş zonaya daxil olan istənilən pilotsuz uçuş aparatını aşkarlaya bilir. Operator dost dronların keçidinə icazə verə, digərlərini isə zərərsizləşdirə bilər. Texnologiya Vaşinqton yaxınlığında boş bir stadionda sınaqdan keçirilib.
D-Fend şirkətinin əməkdaşlarından birinə məxsus dron qorunan zonaya daxil olan kimi sistem onu sürətlə ələ keçirib və yerə endirib. Sistemin son versiyası olan EnforceAir2, maksimum 4.5 km məsafədəki dronları aşkar edə və idarəni ələ keçirə bilir, yəni o, geniş fəaliyyət radiusuna malikdir. Dronun təhlükəsiz şəkildə endirilməsi hakimiyyət orqanlarına onu araşdırmaq imkanı verir. Bu xüsusilə polis və təhlükəsizlik xidmətləri üçün vacibdir. Eyni zamanda, əgər dron sadə bir istifadəçi tərəfindən zərərsiz məqsədlərlə təsadüfən buraxılıbsa, onu sahibinə qaytarmaq mümkündür. Lakin qeyd olunur ki, düşmən dronunun idarəsini sındırmaq prinsipi ilə işləyən bu sistemlər hərbi dronlara qarşı təsirsiz qala bilər, çünki onlar daha güclü kibermüdafiə sistemləri ilə təchiz olunurlar.